”Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi reallaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, “ASAN Könüllüləri” Təşkilatı və “AYAFE” Gənclər Təşkilatının tərəfdaşlığı çərçivəsində “Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi uğurla həyata keçirilib.

Layihənin əsas məqsədi rəqəmsal marketinq sahəsində müasir bazarın tələblərinə cavab verən, peşəkar kadrların hazırlanmasına dəstək olmaqdır. Bu məqsədlə 4 müxtəlif mövzuda təlim təşkil edilib və müsahibə əsasında seçilən 30 gənc iştirak hüququ qazanıb.

Layihənin ilk təlimi “Expressbank”-ın rəqəmsal marketinq mütəxəssisi Pərviz Seyidli tərəfindən “Rəqəmsal marketinqə giriş” mövzusunda keçirilib. Daha sonra aparıcı mətn yazarı Teybə Səfərova “Məzmun marketinqi və strategiyası”, Hyper MMC-nin rəqəmsal marketoloqu Əlibaba Əlihəsənov isə “Sosial media marketinqi” barədə təlimlər təqdim edib.

Son təlim Pərviz Seyidlinin iştirakı ilə “Axtarış motoru marketinqi – SEO” mövzusunda baş tutub. Təlim çərçivəsində iştirakçılar Google Ads vasitəsilə reklam strategiyalarının hazırlanması, yerli bazar üçün SEM yanaşmaları, SEO və SEM arasındakı fərqlər, açar sözlərin analizi, rəqabət analizi və optimallaşdırma kimi aktual mövzularda ətraflı məlumat əldə ediblər.

Layihə gənclərə reklamvermə, araşdırma, təhlil və nəticələri təqdimetmə bacarıqlarını öyrətməklə yanaşı, həm nəzəri biliklərin, həm də praktiki vərdişlərin inkişaf etdirilməsinə şərait yaradıb. Keyfiyyətli kontent istehsalı və strategiyaların tətbiqi layihənin əsas istiqamətləri sırasında yer alıb.

Tədbir iştirakçıların təltif olunması və rəsmi bağlanış mərasimi ilə yekunlaşıb.